Qarabağın gerçək tarixi  yenidən yazılmalıdır... - Firudin Cəlilov

10:30 27.04.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qarabağdakı erməni boylarının çoxu vaxtilə Xristianlığı qəbul etmiş xristian türklər idi

Professor Firudin Cəlilov “Həftə içi”nə müsahibəsində ermənilərin etnogenezi, etnopsixoloji xarakteri, onların əsil adının “hay” olmasından, Qərbi Azərbaycandakı ermənilərlə Qarabağ ermənilərinin mənşəyi və etnopsixologiyasındakı əsas fərqlərdən, Qarabağdakı son zəfərimizdən sonra alimlərimiz qarşısında duran vəzifələrdən və s. bəhs edib.

- Firudin müəllim, siz uzun illər türk xalqlarının tarixini, etnogenezini araşdırmısız, bu mövzuda cild-cild kitablar yazmısınız. Özünüz də Qərbi Azərbaycanda doğulmuş, uşaqlığı orada keçmiş bir ziyalı kimi, hələ minillər öncədən başımıza problemlər açan erməni qövmünün də etnogenezi, etnopsixoloji xarakteri ilə maraqlanmısınız. Sizcə, ermənilərlə yaxın gələcəkdə nəzərdə tutulan qonşuluqda və Qarabağda “dinc yanaşı yaşama” problemini həll edə biləcəyikmi?

- Ermənilərin, daha doğrusu, hayların dilini və tarixini universitetdə oxuyanda öyrənmişəm. Sonrakı illərdə apardığım araşdırmalarda mənə aydın oldu ki, «Erməni tarixi» adı ilə yayılan kitabların ilkin variantlarında «erməni» sözü yoxdur, V əsrdə M.Xorenatsinin yazdığı tarix kitabından üzübəri, XVIII-XIX əsrlərə qədər yazılan kitablarda erməni yerinə hay adı keçir. Beləliklə, bəlli oldu ki, orijinalda «Hay tarixi», «Hay xalqının tarixi» kimi yazılan adlar o kitabların başqa dillərə tərcüməsində «Erməni tarixi», «Erməni xalqının tarixi» adı ilə verilir. Halbuki, qədim subar boylarının bir qolu olan ermən adlı türk boyunun Van gölü civarında yaşadığı kiçik Ermən bölgəsində haylar yox idi. Vaxtilə Balkanlardan Anadoluya gələn haylar çox sonralar Ermən bölgəsinə sızmışdı. Buraya müxtəlif çağlarda Hindistandan gələn qaraçılarla və İrandan gələn farslarla qaynayıb-qarışan hayların sayı çoxalmışdı. Bu gün də özlərinə “hay” deyən bu xalq tarixboyu ermən adını daşımamışdır.

Bu addəyişmə olayının gerçək səbəbi isə imperialist Rusiya və Avropa dövlətlərinin Türkiyə ilə Azərbaycan arasında xristian bir dövlətin yaradılması planı idi və bunu 1918-1920-ci illərdə gerçəkləşdirə bildilər. Qarabağ problemi də həmin siyasətin sonucu kimi gündəmə gəlmişdir. Yəni bundan sonra da ermənilərlə “dinc yanaşı yaşama” probleminə məhz bu kontekstdə yanaşmaq gərəkdir...

- Qərbi Azərbaycandakı ermənilərlə Qarabağ ermənilərinin mənşəyi və etnopsixologiyasındakı əsas fərqlər nədən ibarətdir?

- Öncə İrəvan hayları ilə Qarabağ ermənilərinin fərqli soykökü olmasını bilməmiz lazımdır. Yerli erməni boylarının çoxu vaxtilə Xristianlığı qəbul etmiş xristian Alban, qıpçaq, qarqar və sair türklər idi və o dönəmlərdə «erməni» sözü artıq xristianlığın bir məzhəbi adına çevrilmişdi. Erməni adı altında türk, tat, kürd boyları vardı. Vaxtilə buraları fəth edən ərəblər kimi, ruslar da Alban kilsələrini hayların himayəsinə vermişdı. Türkmənçay müqaviləsindən sonra Azərbaycana gətirilən xristian haylar buradakı xristian ermənilərə qoşuldu və aparılan syasət sonucunda onlar da haylaşdı...

- Qarabağ klanı ilə Ermənistan klanı arasındakı ziddiyyətlər əsas nələrdən qaynaqlanır?

- İrəvan hayları Qarabağ ermənilərinin «dönmə hay» olduğunu bilir və bunu gizlətmirlər və onlara «şurdvats hay» (dönmə hay) deyirlər. Hələ də türk soyadı daşıyan qarabağlı ermənilər öz aqressivliyi ilə fərqlənir. Köçəryandan Paşinyan dönəminə qədər hakimiyyətdə olan Qarabağ klanı dönəmində traybalizm və korrupsiya Ermənistanı çökdürmüşdür...

- Onların bizə - Azərbaycan türklərinə münasibətlərində də fərqlər var, eləmi?

- Qarabağ klanı Azərbaycan xalqına qarşı da çox aqressivdir və bunun müsəlman-xristian yöntəmli səbəbi vardır. Ümumiyətlə, dönmə xalqlar daha aqressiv olur...

- Azərbaycan Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasındakı ziddiyyətlərdən və bizə münasibətdəki fərqlərdən necə yararlana bilər?

- Bunun üçün hakimiyətdə olanlar ən azı bölgənin 2500 illik tarixini, özəlliklə, son 1500 illik xristian və İslam tarixini öyrənməlidir. Azərbaycan Prezidentinin müsahibələrində səsləndirdiyi İrəvan xanlığının və Zəngəzur mahalının tarixi məsələləri çox önəmlidir. Təəssüf ki, diplomatlarımızın çoxu bu mövzulardan xəbərsizdir. Bir örnək verim: Hay tarixində ilk hay hökmdarı sayılan Artaşesin (Ərtaşın) 2200 il öncə sınır daşı üzərində türk dilindəki yazısını ilk dəfə otuz il öncə oxudum və bunu tanınmış türkoloqlar qəbul etdi, ancaq Azərbaycanda bunu görməzdən gəldilər, görünür, 5-ci kalon hələ də öz işini görür...

- Sizcə, Qarabağdakı, Kəlbəcərdəki, Laçındakı və s. məşhur xristian məbədlərinin “Alban kilsələri” adlanması doğrudurmu? Bəs o yurdlarda yaşamış və İslamdan öncə xristian olmuş türk babalarımız hansı kilsələrdə ibadət edib? Yoxsa elə “alban” deyilənlər elə xristianlaşmış türklərdir?

- Yalnız adını çəkdiyiniz bölgələrdə deyil, daha geniş çoğrafiyanı əhatə edən bölgələrdə müxtəlif xristian türklərin tikdiyi kilsələr əbədi və daimi məbəd anlamında olan qədim bəngü sözü ilə «vəng» adlanır: Qoşa-vəng, Dədə-vəng, Qıpçaq-vəng və sairə. Bu vənglərdə türkcə oxunan duaların yüzlərlə əlyazması qalmışdır və bu, elmə bəllidir, çoxu da çap olunub...

- Firudin müəllim, sizcə, Qarabağdakı qələbəmizdən sonrakı problemlərin həlli üçün tarixçi və türkoloqlarımızın qarşısında əsas hansı vəzifələr durur?

- 44 günlük savaş, artıq hərb tarixinə düşən zəfərdir və bu savaş çox şeylərin gerçək üzünü açdı. İndi bir nömrəli problem qarabağlıların ata evinə qayıtması və dağıdılmış infrastrukturun bərpa olunmasıdır. Qarabağın gerçək tarixi isə yenidən yazılmalıdır, bunun üçün hələ üstü açılmamış yüzlərlə tarixi qaynaq vardır, sadəcə, milli şüur, milli qeyrət lazımdır...